“Azərbaycanda azad, ədalətli və şəffaf seçkilərin
keçirilməsi üçün bütün vətəndaşlar fəallıq göstərməlidir. Ölkə
qanunvericiliyinin verdiyi imkanlardan istifadə etməklə hamımız Azərbaycan üçün
mühüm əhəmiyyət kəsb edən və kampaniyanın demokratikliyini daha da artıra bilərik.
Mən də gənc və bitərəf ziyalı kimi Seçki Monitorinq Mərkəzinin (SMM)
Quba-Xaçmaz bölgəsindəki nümayəndəliyinin təşkil etdiyi müşahidəçilər qrupuna
qoşulmuşam, bu qurumun 54 və 55 saylı seçki dairələri üzrə koordinatoruyam.
Bundan əlavə, MSK-dan uzunmüddətli könüllü müşahidəçi kimi qeydiyyatdan
keçmişəm. SMM rəhbərliyindən bizə bildirilib ki, müstəqil müşahidəçilər adı
altında Dairə Seçki komissiyalarından və MSK-da qeydiyyatdan keçməli, lakin
sonradan SMM-in müşahidəçiləri kimi fəaliyyət göstərməliyik. SMM-in adı isə heç
yerdə çəkilməməlidir”.
Bu sözlər SMM-in 54 və 55 saylı seçki dairələri üzrə koordinatoru, qurumun
təlimçisi və respublika ərazisi üzrə müşahidəçisi, Xaçmaz sakini Təranə Rafiq
qızı Zaliyevanın bu gün yaydığı bəyanatdandır.
T. Zaliyevanın APA-ya daxil olan bəyanatına əsasən, onlara o da tapşırılıb ki,
seçki günü səslərin paralel sayılmasını təşkil etsinlər və heç bir dövlət və
qeyri-dövlət qurumları, hətta yerli müşahidəçilər belə bir müddət bundan
xəbərdar olmamalıdır: “Qeyd edim ki, mən əvvəldən belə fəaliyyətin əleyhinə
olmuşam. Başa düşə bilmirdim ki, nəyə görə SMM rəhbəri Anar Məmmədli
demokratiya və şəffaflıqdan danışdığı halda, bizi gizli fəaliyyət göstərməyə
təhrik edir, KİV-lərdə çıxış etməyə qadağa qoyub”.
T. Zaliyeva SMM-in oktyabrın 10-da yaydığı hesabatında onun 55 saylı Seçki
Dairəsindən verdiyi məlumatı saxtalaşdırdığını da qeyd edib: “Mən internet
vasitəsi ilə göndərdiyim informasiyada bildirmişəm ki, YAP-ın Xaçmaz şəhərində
keçirdiyi aksiyada rayon mərkəzində və kəndlərdə yaşayan partiya üzvləri
iştirak ediblər. SMM-in yaydığı hesabatda isə göstərilir ki, kəndlərdə yaşayan
YAP-çılar guya avtobuslarla Xaçmaz şəhərinə gətiriliblər. Vətəndaşları
aldatmaq, yalan və saxtakarlıq yolunu tutmuş SMM-in seçkilərin nəticələrini də
saxtalaşdıracağına heç bir şübhə yoxdur. SMM-in 15 oktyabrda seçki
məntəqələrində süni qarışıqlıq yaradacağı, məntəqələrdən verilən məlumatları da
təhrif edəcəyi gözləniləndir. Mən SMM-in belə fəaliyyətini pisləyirəm, qurumun təşkil
etdiyi “seçki komediyası”nda iştirakdan imtina edirəm. Mənim kimi SMM
tərəfindən aldadılaraq bu qurumun fəaliyyətinə cəlb olunmuş bütün
vətəndaşlardan eyni addımı atmağı xahiş edirəm. SMM-in rəhbərliyinə isə
təklifim budur ki, seçkiləri müşahidə edəcək müşahidəçilərinin siyahısını,
alınan qrantın məbləğini açıqlasın. Onda hər şey göz qabağında olacaq və
dediklərimə heç bir şübhə yeri qalmayacaq”.